Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloger Mehman Hüseynovun şikayətinə baxılıb.
ONA-nın məlumatına görə, iclasda səsvermə günü 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib, səsvermə günü həmin məntəqələrdə lentə alınaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.
MSK nəzdində Ekspert qrupunun araşdırması zamanı müraciətdə qeyd olunanlar qismən təsdiqini tapıb. Buna görə də MSK 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunması ilə barədə qərar qəbul edib. Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb.
Qeyd edək ki, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.