• SİYASƏT

    15:53 11 oktyabr 2019

MSK sədri: “Maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir, fəaliyyətsizdir”

“İllik maliyyə hesabatı verməyən siyasi partiyaların məsələsini qaldıra bilərik. Buna səlahiyyətimiz də çatır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, beynəlxalq təşkilatlarla da siyasi partiyaların bağlanmaması barədə müzakirələr olub: “Çünki beynəlxalq aləmdə siyasi partiyalarının fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur. Onlara deyə bilməzsən, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsizdirlər, amma bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, necə yəni, siyasi partiya fəaliyyətsiz olub və bağlanıb".

MSK sədri qeyd edib ki, hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun fərqi yoxdur: “Amma Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılsa ki, partiyanın qeydiyyatı ləğv edilsin, bu informasiyanın arxasında nə dayandığı heç kəsi maraqlandırmır. Hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdir. Biz beynəlxalq təşkilatlarla bu istiqamətdə ciddi şəkildə işləyirik. Onlar bizim bu fəaliyyətimizi təqdir edirlər, hesabatlarına salıblar”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR