"Sülh olmadan insan hüquqları, demokratiya və hüququn aliliyi mümkün deyil. Bunların təmin edilməsi üçün sülh ən vacib elementdir".
ONA-nın məlumatına görə, bunu Şərqi Timor Demokratik Respublikasının keçmiş prezidenti Şanana Qusmao Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində keçirilən "İnsan hüquqları, demokratiya, hüququn universallığı və səciyyəsi" adlı paneldə bildirib.
Ş.Qusmao qeyd edib ki, Azərbaycanda olmaqdan məmnunluq duyur: "Azərbaycana ilk səfərimdir. Ölkənin sülhün yaradılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan bu baxımdan digər ölkələr üçün nümunə ola bilər".
O əlavə edib ki, dünya liderləri qlobal problemlərə baxışlarını dəyişməlidir.
"METAdrasi-Miqrasiya və İnkişaf Fəaliyyəti" təşkilatının təsisçisi Laura Papa deyib ki, 2015-ci ildən bu yana Yunanıstan 1 milyona yaxın qaçqın qəbul edib. Onun sözlərinə görə, Yunanıstan çox çətin dönəm yaşayıb: "Qaçqın böhranı onu göstərdi ki, Avropa İttifaqının özundə də məsuliyyətdən qaçmaq istəyən ölkələr var. Məhz bu anda qaçqınların köməyinə vətəndaş cəmiyyətləri çatdı. Bu da onu göstərir ki, dünyada əsas olan insanlıq mədəniyyətidir".
O vurğulayıb ki, insan hüquqları, azadlıq hər kəsə şamil edilməlidir: “Dözümlülük sözünü tam qəbul edə bilmirəm, çünki özümüzdən fərqli olanlara qarşı dözümlü olmaq bizim borcumuzdur. Tolerantlıqdan öncə mədəniyyətlərarası dialoq qurulmalıdır".
Qlobal təhsilin təbliğatı və pedaqoji dəstək üzrə ekspert Karmen Fişer bildirib ki, demokratiyaya inamın qaytarılması üçün qanunun aliliyini təmin etmək zəruridir. K. Fişer deyib ki, mədəniyyətlərarası dialoqun qurulmasına mane olan məhz insanların özlərindən fərqli olanlardan qorxmasıdır.
Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. O qeyd edib ki, multikulturalizmin alternativi yoxdur və bu, demokratiyanın əsaslarından biridir.
Panel müzakirələrlə davam edib.