"İrana embarqo qoyulduqda, İran təcrid olunduqda hər zaman cəsarətlə bu ölkənin hüquqlarını müdafiə edən cənab Prezidentimiz olub".
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda aparılan kampaniyaya qarşı öz etrazını bildirib.
TBMM sədri özünün "Twitter" səhifəsində bu barədə yazıb: "Bəzi iranlı səlahiyyət sahibləri tərəfindən Cənab Prezidentimizə qarşı nümayiş etdirilən nalayiq davranışlar əsla qəbuledilməzdir".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın 10 dekabrda Bakıda səsləndirdiyi şeirə və çıxışına İran XİN-də siyasi xarakter verilib, 11 dekabrda Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub. Bunun ardınca isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıraq bunun yanlış anlaşılma olduğu bildirilib.
Lakin İran mətbuatında Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc olunub, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında R.T.Ərdoğan əleyhinə şüarlar səsləndirilib.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon açaraq yanlış anlaşılmanı siyasiləşdirməyə və R.T.Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildirib.