“Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərlinin ONA-ya müsahibəsi
- Milli Şura ilə REAL arasındakı problemin kökü nədir?
- Əgər siyasi partiyalar, cərəyanlar arasında hər hansı ideoloji mübarizə, mübahisə olursa, bu normal qarşılanmalıdır. Amma çox təəssüf ki, bizim siyasi səhnədə diskussiyalar və mübahisələr ideoloji platforma, ideyalar üzərində deyil, çox zaman hər hansı mifik iddialar, qarayaxmalar, böhtanlar üzərindən olur ki, bu da çox təəssüf doğurur. Əslində bizim Milli Şura ilə bağlı problemimiz yoxdur, çünki xitab etdiyimiz elektorat, kəsim tamamilə fərqlidir. İlk yaranan gündən elan etmişik ki, xitab etdiyimiz, tərəfdar, seçici qazanmaq istədiyimiz orta sinif, gənclər, daha çox təhsilli insanlar, orta və kiçik sahibkarlar, orta və kiçik məmur təbəqəsidir. Ona görə də əslində Milli Şura ilə elə bir ciddi problem yaşamamalıyıq, çünki hər kəsin öz elektoratı var.
Amma təəssüf ki, bizim Milli Şurada olan dostlarımız son zamanlar REAL-a qarşı ciddi qarayaxma kampaniyasına start verdilər. Bu da çox güman ki, siyasi paxıllıqdan, gözü götürməzlikdən doğur. Yəni bunlar REAL-ın artan nüfuzu, beynəlxalq əlaqələri, ölkə gündəmində mühüm yer tutması, qanunvericilik təşəbbüsü ilə 40 min imza toplaması ilə əlaqədardır. REAL-ın 40 min imza toplaması hökumət tərəfindən də normal qarşılandı, hazırda Mərkəzi Seçki Komissiyasında həmin imzaların yoxlanılması prosesi gedir. Bu addımlar Azərbaycan siyasətində yeni, ciddi oyunçunun yaranması və gündəliyə təsir etməsindən xəbər verir. Yəqin ki, Milli Şuradakı dostlarımız da buna siyasi paxıllıqla yanaşdılar və bunun nəticəsi olaraq da anlaşılmaz qarayaxma kampaniyasına başlanıldı.
- Beynəlxalq əlaqələr demişkən, REAL rəhbərliyində təmsil olunan şəxslərin Brüssel səfəri nə ilə bağlı idi? Niyə bu səfər qalmaqal yaratdı?
- REAL İdarə Heyətində təmsil olunan insanlar tək siyasi fəaliyyətinə görə yox, peşəkar fəaliyyətlərinə görə də beynəlxalq nüfuz sahibidirlər və bu baxımdan da tez-tez beynəlxalq tədbirlərə dəvət alırlar. Aprelin əvvəlində Brüsseldə də belə tədbirlərdən birinə dəvət almışdıq. Bizim Avropa İttifaqının Azərbaycandakı ofisi ilə də sıx münasibətlərimiz var, tez-tez görüşür, müzakirələr aparırıq. Səfərə getməzdən əvvəl də ofis Brüsseldə Avropa Komissiyasının strukturlarında iki görüşün keçirilməsi ilə əlaqədar texniki dəstək göstərdi.
Brüssel səfəri nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən təşkil edilirdi, Avropa İttifaqının Azərbaycandakı ofisi nə görüşün təşkilatçısı, nə sponsoru idi. Ofis də öz açıqlamasında bunu qeyd etdi. Çox təəssüf ki, müxalifətdə olan bəzi dostlarımız bunu tamamilə fərqli başa düşdülər. Biz Brüsseldə müxtəlif konfranslarda, görüşlərdə iştirak edərkən paralel Avropa Komissiyasının müxtəlif strukturlarından da görüş üçün dəvət aldıq. Avropa İttifaqının Azərbaycandakı ofisinin texniki dəstəyi ilə əvvəlcə iki görüş planlaşdırılmışdı. Ancaq biz Brüsseldə olarkən elə alındı ki, növbəti iki görüşün keçirilməsi üçün də bizdən xahiş etdilər və biz də razılıq verdik. Beləliklə, ümumilikdə Avropa Komissiyasının strukturlarında çox vacib dörd görüşümüz oldu. Görüşlərdə əsas müzakirə mövzuları da ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanla Avropa İttifaqı arasında nəzərdə tutulan saziş idi.
- Avropa İttifaqının Azərbaycandakı ofisinin texniki dəstəyi maliyyə elementini də nəzərdə tuturmu?
- Xeyr, maliyyə elementi yoxdur. Ona görə də mən qeyd etdim ki, bizi dəvət edən təşkilat Avropanın çox nüfuzlu beyin mərkəzlərindən biri idi və Azərbaycanla bağlı tədbirlərdə iştirak etmək üçün bizi ekspert qismində dəvət etmişdilər. Bu, birinci dəfə deyil. Məsələn, son iki ili götürsək, təqribən 20-yə yaxın xarici səfərim olubsa, bunun 15-nin REAL-a heç bir aidiyyəti olmayıb. Bu da həmin dəvətlərdən biri idi. Sadəcə, Brüsseldə olan zaman müxtəlif görüşlərin keçirilməsinə zəmin yarandı. Avropa İttifaqının Azərbaycandakı ofisinə də təşəkkür edirik ki, həmin görüşlərin təşkilində texniki dəstək göstərdilər. Öncədən razılaşma, Avropa İttifaqının Azərbaycan ofisinin texniki dəstəyi olmasaydı, Avropa Komissiyasında görüşlərin keçirilməsi mümkünsüz olardı.
- Belə başa düşmək olar ki, səfərinizi öncədən sizi dəvət edən təşkilat maliyyələşdirmişdi, bunun Avropa İttifaqının Azərbaycandakı ofisi ilə əlaqəsi yox idi?
- Biletin alınması və hotelin tutulmasını Brüsseldə dinləmələri təşkil edən təşkilat maliyyələşdirmişdi.
- Həmin təşkilatın adını bilmək olar?
- Bu, “European Endowment For Democracy” (Avropa Demokratiya və İnsan Hüquqları Fondu) təşkilatıdır.
- Brüsseldə Avropa Komissiyasının strukturlarında keçirilən həmin görüşlərdə nə demişdiniz ki, Milli Şuranın ideologiyasına, siyasi xəttinə ziddir, yaxud onlar elə düşünür?
- Biz Azərbaycanda son 2-3 ildə siyasi analizlərimizdə nə söyləyiriksə, Brüsseldə də onu demişdik. Demişdik ki, ölkə dəyişir, müəyyən dəyişikliklər baş verir. Həm nəsil dəyişməsi baş verir, həm də həm idarəetmənin forması dəyişir. Bunun effektiv olub-olmayacağı da idarəetmənin dəyişməsindən sonra yaranacaq şəraitdən, yəni iqtisadiyyat və hüquq sahəsində atılacaq addımlardan asılı olacaq. Bir də buradakı kimi orada da ölkədəki problemlərin nədən ibarət olduğunu söylədik. Azad və ədalətli məhkəmə sisteminin daha da oturuşması, biznes şəraitinin yaxşılaşması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının sürətlənməsi, bununla paralel olaraq Azərbaycanda azadlıqların genişləndirilməsi üçün Avropa institutları ilə institusional əməkdaşlığın artırılması haqqında danışmışıq.
Azərbaycan doğrudan da dəyişir. Bu dəyişikliklərin Azərbaycanda müsbət yöndə nəticə verməsi üçün müəyyən institusional, qanunvericilik səviyyəsində də dəyişikliklərə ehtiyac olduğunu söyləmişik. İlk dəfə deyil ki, bu fikirlə çıxış edirdik. Mənə elə gəlir ki, bizim Milli Şuradakı dostlarımızı qıcıqlandıran tamam başqa məsələ oldu. Çünki sabiq səfir Arif Məmmədovun Brüsseldə yaşamasına və Milli Şura ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, həmin görüşlərə dəvət edilməməsi, Azərbaycandan gələn REAL nümayəndələrinin hətta Brüsseldə olarkən qısa zamanda, bir gün ərzində növbəti iki görüşə dəvət edilməsi Milli Şurada qıcıq, paxıllıq doğurdu. Mənimlə Arif Məmmədov arasında internet üzərindən olan debatımızda da adam eyni şeyləri dedi. Dedi ki, “mən Brüsseldə ola-ola dəvət etmirlər, amma siz Bakıdan gəlib, burada görüş keçirirsiniz”. Yəni bunun siyasi paxıllıq olduğu açıq-aşkar göründü. Qarayaxma kampaniyasının əsas səbəblərindən biri də bu idi ki, REAL-ın artan nüfuzuna xələl gətirmək üçün müəyyən addımlar atsınlar.
- Sizin yanaşmanızda ölkədəki dəyişikliklərin müsbət nəticələr verəcəyinə bir ümid görünür, Milli Şura isə tamamilə əks mövqedədir. Toqquşma yaradan məqam həm də bu deyil ki?
- Əslində ölkənin dəyişdiyini görməmək özü-özlüyündə ciddi siyasi problemdir. Ölkədə menecment sisteminə keçid baş verir. Yeni, paralel strukturlar yaradılır, nazirliklərin bir çoxunun səlahiyyəti yeni yaradılmış agentliklərə verilir. Yeni yaradılmış agentliklər də yeni sistem çərçivəsində fəaliyyət göstərməyə başlayır. Lakin bu o demək deyil ki, bunlar qısa müddətdə faktiki dəyişikliklərə səbəb olacaq. Bizim istəyimiz ondan ibarətdir ki, bu dəyişikliklər institutlaşsın. Yəni qanunlara dəyişikliklər edilsin, iqtisadi azadlıqların genişləndirilməsi ilə bağlı daha çox addımlar atılsın. Əgər iqtidarlı-müxalifətli qayəmiz xalqımızın rifah halının yüksəlməsidirsə və atılan addımlarla bağlı bizim irəli sürdüyümüz tənqidi məqamlar da nəzərə alınacaqsa, bu, xalqımızın xeyrinə olacaq. Biz belə yanaşmanın daha doğru olduğunu düşünürük.
- Sizin sonuncu əfvlə bağlı mövqeyiniz də Milli Şuranın tənqid hədəfi oldu. Brüsseldə əfvlə bağlı nə demisiniz ki, Milli Şurada belə qıcıq yaradıb?
- Açığı, bu, bir qədər qəribə reaksiya idi. Biz əfvlə bağlı Bakıda olarkən də demişdik ki, bu, çox yaxşı bir addımdır, illərlə “siyasi məhbus siyahısı”nda olan insanların bir qismi azadlığa çıxdı. Biz bu fikri Bakıda da, Brüsseldə də demişik. Nə deməli idik? Məhbusların çıxması pis addımdır, çıxmamalı idilər? Bunun əks məntiqi bundan ibarətdir. Bu da tamamilə mənasız və məntiqsiz bir söhbətə gətirib çıxarır. Ona görə də Milli Şura tərəfindən bizə bu iradın bildirilməsi, ümumiyyətlə, absurd məsələdir. Təbii ki, biz orada qeyd etdik ki, bu problem kökündən həll edilməyib, növbəti addımların atılmasına ehtiyac var. Ümumiyyətlə, Azərbaycanda gələcəkdə institusional addımlar atılmalıdır ki, nə xaricdən, nə daxildən “siyasi məhbus” məsələsi təzyiq elementinə çevrilməsin.
- Ənənəvi müxalifətdə bütün məsələlərə tam qara rəngdə yanaşma hökm sürür. Sizin bir qədər kənara çıxmağa çalışmağınıza olan reaksiyaları təbii hesab etmirsiniz?
- Əslində REAL yaranan gündən belə yanaşmanı ortaya qoymağa çalışıb. Siyasətin rəngarəng, cəlbedici olduğunu, siyasi səhnədə yalnız ağ və qaranın olmasının aradan qaldırılmalı olduğunu deyirik. İqtidar və müxalifət düşmən deyil, siyasi rəqib olmalı və seçkilərlə istənilən ölkədə demokratik dəyişiklik mümkün olmalıdır. Bunun üçün də siyasi addımlar da çoxçeşidli və rəngarəng olmalıdır. Elə bizim imzatoplama kampaniyamız da bunun sübutu idi. Çünki 2009-cu ildə Konstitusiyaya bu dəyişikliklər edilsə də, bu günə qədər heç bir siyasi partiya bundan istifadə etməyib. Biz cəmiyyətdə və siyasi təşkilatlar arasında dialoq üçün bir siyasi müstəvinin mövcudluğunu göstərdik. Bu da siyasətə rəng qatdı. Amma çox təəssüf ki, siyasətin rəngarəng, cəlbedici, yaxşı və şərəfli bir peşə olduğunu sübut etməyə çalışdığımız bir halda məntiqsiz iddialarla da qarşılaşırıq.
- 40 min imza toplamaqla hansı qanun layihələri təqdim etmisiniz?
- Qanun layihələri Azərbaycanda fundamental problemlərin həlli üçün ilkin addımdır. Biz problemli kreditlər, devalvasiya nəticəsində dəymiş zərərin tamamilə aradan qaldırılmasını təklif edirdik və qanun layihələrindən biri bununla bağlı idi. Prezidentin fərmanı problemli kreditlərlə bağlı ilk addımdır. Çünki bu məsələ həm biznes, həm də əhali üçün tamamilə aradan qalxmalıdır. Bu problemin bir hissəsi fərmanla həll olunub, amma problemin tamamilə həll olunması üçün qanuniləşdirilməsinə, institutlaşdırılmaya ehtiyac var.
İkinci qanun layihəsi pulsuz təhsillə bağlıdır. Biz dünyada, əsasən də Avropa ölkələrində trendə baxsaq, ölkələr ali təhsilin əlçatan və pulsuz olması istiqamətində ciddi səylər göstərir. İstər Şimali Avropa, istər Mərkəzi Avropa ölkələri, hətta keçən ildən Şərqi Avropa ölkələri ali təhsilin əlçatan, pulsuz olduğunu elan edir. Azərbaycanda isə yumşaq desək, təhsilin keyfiyyəti ürəkaçan deyil və çox bahadır. Az qala tələbələrin ¾-ü pullu təhsil alır ki, bu da çox böyük rəqəmdir. Amma bununla bağlı ilkin addımları da gördük. Təhsil naziri açıqlama verdi ki, gələn ildən pulsuz təhsil kvotası iki dəfəyə yaxın artırılacaq. Hazırda pulsuz ali təhsil kvotası 12 500-dür, gələn ildən 20 500 olacaq. Bu da pozitiv bir dəyişiklikdir. Amma biz bu məsələnin qanunvericilik səviyyəsində həll olunmasını istəyirik. Yəni bu, nazirliklərin qərarı ilə deyil, qanunvericilik səviyyəsində həll olunsun.
Üçüncü məsələ Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması üçün ilkin addımın atılmasıdır. Azərbaycan Avropa Şurasına daxil olan yeganə ölkədir ki, böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı öhdəliyə əməl etməyib. İlkin olaraq Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaradılması, mer institutunun təsis olunması özünüidarəetmə institutuna hörmətin artması baxımından çox yaxşı olardı. Ona görə də bizim təklifimiz ilkin olaraq Bakı şəhərini əhatə etdi. Amma gələcəkdə digər böyük şəhərlərdə – Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Şəkidə Böyük Şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə seçkilərinə marağın artması və birbaşa merlərin seçilməsi imkanlarının formalaşmasına çalışırıq.
- Dünya təcrübəsinə də baxsaq, qaldırdığınız məsələlərin həlli hakimiyyətlə konstruktiv dialoq tələb edir. Bu da son nəticədə Milli Şura tərəfindən yenidən hakimiyyətdə əməkdaşlıq etdiyiniz yöndə ittihamla üzləşməyinizə səbəb olmayacaq ki?
- Əgər belə ittiham səsləndiriləcəksə, tamamilə qeyri-məntiqi olacaq. Biz müxalif partiya olaraq hökumətlə istənilən məsələdə açıq və şəffaf danışıqların aparılmasına, müzakirələrə heç bir maneə görmürük. Əgər bizə qarşı belə ittihamlar səsləndirəcəklərsə, o insanların dönüb güzgüyə, tarixə baxmasına, gizli qapılar arxasında nə vaxtsa hansısa razılaşmalara getmələrini yada salmaları yaxşı olar. Məncə, o məsələlərlə bağlı açıq müzakirələr aparılacaqsa, bununla bağlı heç bir problem olmayacaq.
- Ötən dövr ərzində Milli Şura, yaxud REAL tərəfindən təşəbbüs oldu ki, rəhbərlik səviyyəsində görüşək, görək münasibətlərdəki problem nədir?
- Biz partiya olaraq bəyanat qəbul etdik. Bəyanatda əgər hər hansı tərəf qarayaxma və böhtanla məşğul olubsa, həmin şəxslərin publik, yəni ictimai olaraq üzr istəməsini tələb etdik. Əgər səhvlərini anlayıb üzr istəyəcəklərsə, bu üzrü ictimaiyyətə bildirəcəklərsə, gələcəkdə ən azı parlament seçkilərində və digər siyasi proseslərdə funksional əməkdaşlıq, danışıqlar mümkündür. Söhbət dairələrin müəyyənləşdirilməsi, seçkilərdə bir-birimizə müşahidələrlə bağlı qarşılıqlı köməyin göstərilməsindən gedir. Amma indidən açıq görünür ki, hər hansı böyük bir koalisiyada olmağımız mümkün deyil.