Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə YUNESKO Hərbi Bələdçisi”nin NATO-da təqdimatı keçirilib.
Azərbaycanın NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın maliyyə dəstəyi və YUNESKO-nun sifarişi ilə, İtaliyanın San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən 2016-cı ildə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Hərbi Bələdçi” hazırlanıb.
Hərbi əməliyyatların planlaması və icrası zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün praktik tövsiyələr verən həmin Hərbi Bələdçi Azərbaycanın təşəbbüsü ilə NATO-nun Əməliyyatlar Siyasəti Komitəsinin xüsusi iclasında təqdim edilib. NATO üzv dövlətləri və NATO-nun əməliyyatlarında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda NATO-nun, YUNESKO-nun, ölkələrin yüksək səviyyəli nümayəndələri və Hərbi Bələdçinin müəllifləri iştirak edib.
Azərbaycanı iclasda YUNESKO üzrə Milli Komissiyanın Baş Katibi Elnur Sultanov təmsil edib. Elnur Sultanov öz çıxışında mədəni mülkiyyətin qorunması üzrə Azərbaycanın YUNESKO çərçivəsində və milli səviyyədə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib, NATO və YUNESKO arasında qeyd edilən sahədə davamlı əməkdaşlığın əhəmiyyətini qeyd edib. Baş Katib Sultanov həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mədəni mülkiyyəti kütləvi şəkildə dağıtması haqqında məlumat vermişdir. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Hərbi Bələdçinin silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində effektiv praktik tövsiyələr verdiyini bildirən E. Sultanov Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə bundan sonra da dəstək verəcəyini bildirib.
İclasda çıxış edən dövlətlərin, NATO-nun və YUNESKO-nun nümayəndələri mədəni irsin qorunması sahəsində Azərbaycanın beynəlxalq müstəvidə aparıcı rolunu təqdir edib, Hərbi Bələdçinin əhəmiyyətini vurğulayıb və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirməsinə verdiyi aktiv dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür ifadə ediblər. NATO nümayəndələri Hərbi Bələdçinin 1954-cü il Haaqa Konvensiyasının icrasına böyük dəstək olduğunu və NATO-nun hərbi təhsil, planlama və standartlaşma işində onun müvafiq qaydada nəzərə alınacağını bildiriblər.