• SİYASƏT

    12:49 26 mart 2019

Nemət Pənahlı Xalq Hərəkatının İdarə Heyətinin üzvü seçilməyib

“Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından uzaqlaşdırılmayıb, sadəcə, dünən keçirilən qapalı toplantıda onun Xalq Hərəkatının İdarə Heyətinin üzvü olub-olmaması məsələsi müzakirə edilib”.

Bunu ONA-ya açıqlamasında Xalq Hərəkatının dönəm sədri, Ağ Partiyanın sədri Tural Abbaslı məlumat verib.

Qeyd edək ki, bu il yanvarın 26-da “Azərbaycan Xalq Hərəkatı” adlanan qurum yaradılıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılan qurumun təsisçiləri sırasında Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (sədr İqbal Ağazadə), Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (sədr Əli Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Milli Dövlətçilik Partiyası (sədr Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (sədr Fuad Əliyev) və başqa partiyalar, sabiq müdafiə naziri Rəhim Qazıyev, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev və digərləri var. 20-dən çox təsisçinin əksəriyyəti də İdarə Heyətinin üzvüdür.

T. Abbaslı deyib ki, Xalq Hərəkatının təsis iclasına N. Pənahlı gecikmiş və iclasda iştirak etməmişdi: “Ona görə bəzi fikirlər var idi ki, Nemət Pənahlı Xalq Hərəkatının İdarə Heyətinin üzvü deyil. Dünən qapalı toplantıda belə qərara gəlindi ki, Nemət Pənahlının İdarə Heyətinin üzvü olub-olmaması barədə yenidən səsvermə keçirilsin. Səsvermə keçirildi və Nemət Pənahlı İdarə Heyətinə seçilmədi. Bununla belə, Nemət Pənahlı və partiyası Xalq Hərəkatının təsisçisidir. Nemət Pənahlı Xalq Hərəkatının təsis olunması barədə sənədə imza atanlardan biridir. Digər təsisçilərdən fərqli olaraq, Nemət Pənahlının İdarə Heyətində təmsil olunmamasının səbəbinə gəlincə, səsvermə bir az subyektiv məsələdir. Səsvermədə Nemət Pənahlının İdarə Heyətinin üzvü olmasının lehinə də, əleyhinə də səs verənlər oldu. Bu qərar yekdilliklə qəbul olunmayıb, ona görə də hərənin özünə görə səbəbləri ola bilər. Demokratik səsvermə keçirildi, Nemət Pənahlı İdarə Heyətinə üzv seçilmədi. İclas qapalı olduğu üçün orada baş verənlərin detallarını açıqlamaq etik olmaz. Əleyhinə səs verənlər istəsələr, çıxıb bu barədə özləri açıqlama verə bilərlər”.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə ONA-ya açıqlamasında bildirib ki, siyasət, mübarizə, döyüş adamıdır: “Mən də çıxıb mövqeyimi deyəcəm, cəmiyyət biləcək ki, nə baş verib, mən nədən narazıyam. O zaman cəmiyyət də real, obyektiv olaraq nə baş verdiyindən xəbər tutacaq. Hələlik isə məsələyə münasibət bildirmək istəmirəm. Bunun da müəyyən səbəbləri var”.

Xatırladaq ki, dünən “musavat.com” saytı N. Pənahlının "qeyri-səmimi davranışları"ına görə Xalq Hərəkatından uzaqlaşdırılması barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, N.Pənahlı son vaxtlar Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr aparıb və bu hərəkətləri Xalq Hərəkatında narahatlıq yaratdığından, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR