Mərkəzi Seçki Komissiyası (MSK) Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
APA-nın xəbərinə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.
Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 8-də Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Beləliklə, növbədənkənar prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənmişdi.
MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib. Dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.