• SİYASƏT

    13:34 17 may 2019

Novruz Məmmədov Çex Respublikası parlamentinin spikeri ilə görüşüb

Azərbaycanın Baş naziri Novruz Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ONA-nın xəbərinə görə, Novruz Məmmədov ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan-Çexiya əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, görüşlərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib.

2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Baş nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 bölgənin uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədə görə Çex Respublikasına və onun parlamentinə minnətdarlığını ifadə edib.

Ölkəmizə geniş tərkibdə nümayəndə heyəti ilə səfər etdiklərini vurğulayan Radek Vondraçek Azərbaycan ilə Çexiya arasında çox yaxşı münasibətlərin mövcud olduğunu, bu səfərlərinin də ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Azərbaycanın Çexiyanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Radek Vondraçek ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəklədiyini söyləyib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da yaxşı əlaqələrin qurulduğu qeyd olunub, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, enerji, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR