“Mən 1976-cı ildə ilk dəfə xarici səfərdə məhz Yaponiyada olmuşam, inkişaf səviyyəsini görmüşəm. Oradan qayıdanda nifrət edirdik ki, necə ölkədə yaşayırıq”.
ONA-nın məlumatına görə, bunu bu gün Yaponiyanın “Fuji Optical” özəl şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbirdə baş nazirin müavini Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, Heydər Əliyevin təşəbbüsü ilə xeyriyyə təşkilatları 1990-cı illərdə Azərbaycana gəlməsəydi, qaçqın və məcburi köçkünlərlə bağlı humanitar böhran baş verərdi: “Ümumiyyətlə, Yaponiya indiyə qədər Azərbaycana 1 milyard dollardan çox yardım edib. Yaponiyanın “Fuji Optical” şirkəti isə 15 il ərzində Azərbaycanda 31 insanı müayinə edib, 57 min insanı eynəklə təmin edib, 2,8 milyon dollar vəsait xərcləyib”.
Baş nazirin müavini qeyd edib ki, həmişə Yaponiya hökumətinə “Fuji Optical” özəl şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı təşəkkür məktubunu özü imzalayaraq göndərib: “Bu şirkətin fəaliyyəti ilə bağlı bu gün baş nazir Novruz Məmmədova danışanda dedi ki, bu dəfə Yaponiya hökumətinə təşəkkür məktubu baş nazir kimi onun imzası ilə göndəriləcək”.