Qazaxıstanın paytaxtı Nur-Sultanda Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun ikinci iclası keçirilir.
ONA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İclas çərçivəsində “Xəzər dənizində başlanğıc xətlərinin təyin edilməsinə dair sazişin, həmçinin Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və ötən il avqustun 12-də Aktauda keçirilən beşinci Xəzər sammitinin yekununda əldə olunmuş razılaşmaların və əmrlərin reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsi davam etdiriləcək”, - deyə XİN-in məlumatında bildirilir.
Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulovun sözlərinə görə, Qazaxıstan ümid edir ki, Rusiya və İran 2019-cu ilin sonuna kimi Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanı ratifikasiya edəcək.
Nazir bildirib ki, konvensiyanın dəniz akvatoriyasının delimitasiyası üzrə müddəalarının reallaşdırılmasını tam həyata keçirmək üçün Xəzər dənizində başlanğıc xətlərinin müəyyən edilməsi metodikası üzrə beştərəfli sazişi imzalamaq zəruridir.
İclasda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu iştirak edir. Azərbaycan tərəfdən qrupa Nazirlər Kabineti aparatının rəhbəri Xələf Xələfov rəhbərlik edir.
Qeyd edək ki, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun birinci iclası bu il fevralın 19-20-də Bakıda keçirilib.