Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti Elbası - Nursultan Nazarbayev ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib.
Nursultan Nazarbayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb. O, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevlə bağlı xoş xatirələrini yada salıb. Nursultan Nazarbayev son 30 ildə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini, iqtisadi tərəqqini, dövlət quruculuğunun müxtəlif sahələrində uğurla həyata keçirilən islahatları yüksək dəyərləndirib.
Nursultan Nazarbayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət, bölgədə sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlar, yeni reallıqlar şəraitində nəqliyyat dəhlizlərinin açılması beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunu çox gücləndirib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Elbası Nursultan Nazarbayevə çatdıran Milli Məclisin sədri qazax xalqının yetirdiyi bu böyük şəxsiyyətlə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasındakı dostluqdan söz açıb. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın möhkəmlənməsində bu iki böyük şəxsiyyətin danılmaz xidmətləri olduğunu vurğulayıb.
Azərbaycan-Qazaxıstan münasibətlərinin tarixində Prezident İlham Əliyevin Nursultan Nazarbayevlə hər görüşünün xüsusi səhifə təşkil etdiyini bildirən Sahibə Qafarova bu görkəmli dövlət xadiminin 2017-ci ildə ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilməsini məmnunluqla yada salıb.
Görüş zamanı Spiker Azərbaycan və qazax xalqlarının müstəqillik dövründə çətin mərhələlərdən keçdiyini deyib.
Görüşdə Sahibə Qafarova Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin türk xalqlarını bir araya gətirmək təşəbbüslərinin yüksək dəyərləndirildiyini vurğulayıb. Xalqlarımızın daha sıx münasibətlər qurmasında, Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində TÜRKPA və TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaratdığı imkanları xüsusi qeyd edib.
Sahibə Qafarova Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.