Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib.
STM-dən APA-ya verilən məlumata görə, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.
Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.
2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib.
Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:
Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir.
Təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.
Sorğunun metodoloji prinsipləri
❖ Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib.
❖ İctimai rəy sorğusu klaster seçmə metoduna əsaslanıb. Ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil edilib.
❖ Sorğuda iştirak üçün ailədə doğum günü sorğu keçirilən vaxta yaxın olan şəxs seçilib.
❖ Sorğunun nəticələri 95% əminlik intervalı, statistik xəta əmsalının 3% olması nəzərə alınaraq təhlil edilib.
❖ Sahə işi 2020-ci ilin mart ayı ərzində keçirilib.
Sorğu Naxçıvan Muxtar Respublikasında və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.
Nəticə:
❖ 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib.
❖ Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir.
❖ Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90.8%) təşkil edir.
❖ Respondentlərin 57.4%-i parlamentə, 46.2%-i yerli icra hakimiyyətinə, 49%-i məhkəməyə etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən aşağı etibarlılıq icra hakimiyyətinədir. Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir.
❖ Ölkə başçısının hərbi, siyasi və sosial-iqtisadi sahələrdəki fəaliyyəti ümumilikdə böyük əksəriyyət tərəfindən müsbət dəyərləndirilib. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.
❖ 2019-cu ildə keçirilən tədqiqatın nəticələri ilə yeni nəticələri müqayisə etdikdə aydın olur ki, keçən bir neçə ay ərzində Prezidentin müxtəlif sahələrdəki fəaliyyətinə əhalinin münasibəti müsbətə doğru yüksəlib. Digər önəmli məqam odur ki, Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyətini “çox yaxşı” qiymətləndirənlər nəzərəçarpacaq dərəcədə artıb.
❖ Əhalinin gündəlik həyatına birbaşa təsir edən, yaxud təsiri hiss edilən məsələlərin sosial-iqtisadi sahədə korrupsiyaya qarşı mübarizə səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin nisbətən aşağı olması bu sahənin, eləcə də işsizlik və sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin yaxın dövr üçün dövlət siyasətinin əsas hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət edir.
❖ 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında (“Valday” Beynəlxalq Diskussiya Klubunda Prezidentin çıxışının davamı kimi) Ermənistanın baş nazirini və işğalçılıq siyasətini tarixi həqiqətlərlə ifşa etməsi ictimai rəydə vətəndaşların Prezidentə olan münasibətinə müsbət təsir göstərməklə bərabər, ərazi bütövlüyümüzün bərpa edilməsinə olan inamı da yüksəldib.
❖ Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Ermənistanın baş nazirinin növbəti dəfə aciz duruma düşməsi (56.7%), Prezidentin növbəti diplomatik qələbəsi (48.5%), Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni bir mərhələ (44.3%) kimi qiymətləndirilib.
❖ Rəyi öyrənilən respondentlərin əhəmiyyətli bir hissəsi (75,9%-i) dünya neft bazarlarındakı volatillik fonunda valyuta məzənnəsinin sabit saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri əhəmiyyətli dərəcədə səmərəli hesab edir.
❖ Ölkədə maliyyə-bank sektorundakı sabitliyin təmini ilə bağlı nəticə əsaslı tədbirləri müvafiq olaraq respondentlərin 63,1%-i kifayət qədər səmərəli hesab edir.
❖ COVID-19 pandemiyasının və eləcə də qlobal neft böhranının (neft qiymətlərindəki kəskin eniş) dərinləşdiyi bir dövrdə ölkədə ərzaq təhlükəsizliyi ilə təminat sahəsində reallaşdırılmış genişmiqyaslı işləri vətəndaşlar yüksək dəyərləndirir (87.8%).
❖ Rəyi öyrənilənlərin 87.8%-i müvafiq dövlət qurumlarının sosial-iqtisadi islahatlarla bağlı ictimaiyyəti periodik məlumatlandırmasını səmərəli qiymətləndirir.
❖ 89.2% respondent ölkə Prezidentinin milli genofondun qorunması, sosial, səhiyyə və sağlamlığın daha da möhkəmləndirilməsi məsələlərinə xüsusi həssaslıqla yanaşmasını, daima diqqət mərkəzində saxlamasını olduqca yüksək qiymətləndirərək bu istiqamətdə dövlət siyasətini təqdir edir.
❖ Respondentlərin mütləq əksəriyyəti (93%) dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır.
❖ Respondentlərin böyük əksəriyyəti (87.8%) pandemiyanın mövcud olduğu vəziyyətdə hər hansı problemlə qarşılaşdığı zaman dövlətin onlara dəstək göstərəcəyinə inanır.
❖ Respondentlərin böyük əksəriyyəti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlara karantin məhdudiyyətlərinin tətbiq edilməsinə, bir sıra qonşu ölkələrlə sərhədlərin bağlanmasına (85.6%), kütləvi tədbirlərin qadağan edilməsinə (84%) tədrisin dayandırılmasına (82.4%) daha müsbət münasibət bildirib.
❖ Ümumilikdə, respondentlərin mütləq əksəriyyəti (92.8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə həmrəydir.
❖ Respondentlərin əksəriyyəti (88.9%) yerlərdə baş verənlər barədə Prezidentin ümumilikdə məlumatlı olması fikrindədirlər. Lakin nə dərəcədə məlumatlı olub-olmaması barədəki fikri birmənalı deyil – “tam məlumatlıdır” (44.3%) və “qismən məlumatlıdır” (44.6%) cavablarını seçənlərin çəkisi demək olar ki eynidir.
❖ Respondentlərin nəzərində Prezidentin yerlərdə baş verənlərlə bağlı məlumatlılığı onun qərar qəbul etməsində əsasən qanunazidd hərəkətlərə yol verən məmurların cəzalandırılmasında (67.5%), korrupsiyaya qarşı mübarizədə (48.7%) və kadr islahatlarında (43.2%) özünü büruzə verir.
❖ Əhalinin böyük əksəriyyəti (81.8%) “tam əminliklə” bu qənaətdədir ki, yerli icra hakimiyyəti başçılarının Prezident tərəfindən vəzifədən azad edilməsində ictimai fikrin birbaşa təsiri var. Bu fikirdə olanların ümumi göstəricisi isə 95.2% təşkil edir. Əhali arasında belə qənaətin yayılması Prezident-vətəndaş münasibəti cəhətdən müsbət səciyyələndirilə bilər.
❖ Ümumilikdə, respondentlərin üçdə ikisindən bir qədər çox hissəsi ölkə rəhbərinin ictimai qınağa səbəb olan məsələlərə reaksiyasından tam razıdırsa, dörddə biri qismən razıdır. Nəticələrə əsasən, insanlar ölkə başçısının özünün fəaliyyətində ictimai rəyə həssas olduğunu düşünür.
❖ İslahatlar və korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yerli icra başçılarına qarşı aparılan əməliyyatlar xüsusilə regionlarda yaşayan vətəndaşlarda müsbət gözləntilərin yaranmasına səbəb olub. Bəzi hallarda vəziyyətin dəyişməyəcəyi, məmur özbaşınalığının davam edəcəyini düşünənlərin belə fikirləri dəyişməkdədir. İnsanlar bu kimi addımları da islahatların əsas qolu kimi qiymətləndirir və bunun davamlı olmasını arzulayırlar.
❖ Həmçinin, Prezidentin etimadını doğrultmayan məmurların bu şəkildə cəzalandırılması onu göstərir ki, islahatlar dönməz və ardıcıl xarakter daşıyır, xalqa xidmət fəaliyyətin yeganə meyarıdır. Eləcə də, qanun qarşısında hər kəs bərabərdir. İnsanlarda da qanunun aliliyinə inam artmaqdadır.
❖ Respondentlərin yarıdan çoxu (54.4%) bu əməliyyatlardan sonra rayon icra hakimiyyəti başçılarının korrupsiyaya yol verməkdən çəkinəcəyini düşünür. Bir o qədər də respondentdə vətəndaşların qanunun aliliyinə inamının artacağı gözləntisi (50.3%) var.
❖ Respondentlərin əksəriyyəti (85%) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatların Prezidentin imicinə müsbət təsir etdiyini düşünür. Vəzifələrindən sui-istifadə edən məmurların cəzalandırılaraq vəzifədən uzaqlaşdırılması başlanan islahatlara heç kimin mane ola bilməyəcəyini göstərir.
❖ Həyata keçirilən kadr dəyişiklikləri vətəndaşların əsaslı hissəsinin nəzərində Prezidentin nüfuzuna müsbət təsir göstərən əsas amillərdən biridir.
❖ Respondentlərin mütləq əksəriyyəti (91%) son dövrlər yerli icra hakimiyyəti orqanlarına daha gənc kadrların təyin olunmasını bu və ya digər dərəcədə müsbət (75.2% “çox yaxşı”, 15.8% “əsasən yaxşı”) qiymətləndirir.
❖ Respondentlərin əhəmiyyətli hissəsi (63.9%) Milli Məclisin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək və töhfə verə biləcəyini düşündüyü halda, 21.1% respondent bu haqda fikir bildirməkdə çətinlik çəkib.
❖ Respondentlər Prezidentin təhlükəsizlik orqanlarında həyata keçirdiyi kadr dəyişikliklərinin ümumi islahatların effektivliyinə (79.5%), milli təhlükəsizliyin gücləndirilməsinə (85.5%), xalqın təhlükəsizlik orqanlarına olan inamına (81.9%) müsbət təsir edəcəyi fikrindədir.
❖ “Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına verilən cavablara əsasən deyə bilərik ki, icra hakimiyyəti (53.7%) və məhkəmə (45.7%) hakimiyyətində islahatların olması əhali tərəfindən ən çox ehtiyac duyulandır. İcra hakimiyyəti sahəsində islahatların vacibliyini deyənlər içərisində icra hakimiyyətinə etibar etməyənlər üstünlük təşkil edir. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.
❖ Respondentlərin təxminən yarısının məhkəmə sahəsində də islahatların zəruriliyini bildirməsi bu istiqamətdə də islahatların aparılmasının vətəndaşların gözləntisində olduğunu göstərir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmələrə etibar əhali arasında o qədər də yüksək deyil (49%). Bu iki fikir arasındakı əlaqəyə baxdıqda aydın olur ki, məhkəmələrdə islahatların olmasını istəyənlər içərisində məhkəmə orqanlarına etibar etməyənlər üstünlük təşkil edir.
❖ Digər iki sahə ilə müqayisədə respondentlər qanunverici sahədə (24.5%) islahatların vacibliyinə daha az ehtiyac duyur. Bu, qanunverici hakimiyyətdə köklü islahatların 2020-ci ildə aparılması ilə bağlı ola bilər. Həmçinin, respondentlərin əhəmiyyətli hissəsi parlamentin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək verəcəyi fikrindədir. Bu məqam da, yuxarıda vurğulandığı kimi, ictimai rəydə parlamentin yeni tərkibi ilə bağlı gözləntilərin olması ilə izah edilə bilər.
❖ Rəyi soruşulanların 77.6%-nin nəzərində “Prezidentin çıxışlarında bütün hakimiyyət təmsilçilərinə xalqa xidmət etməyi və xalqa yaxın olmağı tapşırması” ölkə başçısının nüfuzuna “ən çox təsir” göstərən amil kimi irəli çıxır ki, bu da məmurların cəzalandırılması və kadr dəyişikliklərinin vətəndaşlar üçün yüksək əhəmiyyət kəsb etdiyini göstərir.
❖ Təsir dərəcəsinə görə növbəti pillələrdə “xalqa xidmət etməyən məmurlara qarşı qətiyyətli davranışı” (71.8%), “xalqın içərisində olması” (71.6%) və “sadə və təvazökar olması” (71.3%) amilləri dayanır.
❖ Respondentlərin mütləq əksəriyyəti (94.2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir. Ölkə başçısının bir çox tədbirlərdə, görüşlərdə olan davranışları, səmimi ünsiyyəti, insanları sonadək dinləməsi vətəndaşlarda bu fikri formalaşdırır.
❖ 2020-ci ilin birinci rübündə vətəndaşların Prezidentə olan inam və etimadının dinamikasına baxdıqda aydın olur ki, bu istiqamətdə yüksəlmə var. Belə ki, STM tərəfindən 2019-cu ildə keçirilən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksində oktyabr ayı üzrə bu göstərici 54.6% idisə, mart ayında bununla müqayisədə göstərici 58.1%-dir. Ümumilikdə 2020-ci ilin mart ayına olan göstəricilərə əsasən deyə bilərik ki, respondentlərin mütləq əksəriyyəti (94.5%) ölkə başçısına inanır və etimad göstərir.
❖ Vətəndaşlar Prezidentin fəaliyyəti ilə bağlı məlumatları televiziyadan (81.1%) və sosial şəbəkələrdən (41.7%) alırlar. Prezident.az saytından (7.3%) və Prezidentin sosial şəbəkə hesablarından (8.4%) istifadə göstəricisi o qədər də yüksək deyil. Respondentlərin demoqrafik təhlili göstərir ki, hər iki ünvana ali təhsilli şəxslər və Bakıda yaşayanlar daha çox daxil olur.
❖ Vətəndaşların digər sosial şəbəkələrdən deyil, birbaşa mənbənin özündən Prezidentin sosial şəbəkə hesablarından məlumat alması daha düzgün informasiyaya çıxış baxımından səmərəli sayıla bilər.