Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.
APA-nın məlumatına görə, O. Əsədov görüşdə bildirib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var, iki xalq həmişə çətin gündə bir-birinə dayaq olub.
MM sədri deyib ki, həm Azərbaycan, həm Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətlər inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “Çox şadıq ki, siyasi əlaqələrimizlə bərabər iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik”.
O. Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdır: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu oynadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə SOCAR yanacaqdoldurma məntəqələri görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıb. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetyia, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.
İrakli Kobaxidze deyib ki, Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdır: "Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşması bizim üçün çox əhəmiyyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə analoji qaydada hörmətlə yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox böyük əhəmiyyəti var. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına böyük problemlər yaranar”.
İrakli Kobaxidze nəzərə çatdırıb ki, iki ölkə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Gürcüstan parlamentinin sədri qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir: “Ancaq bizim perspektivdə bir çox imkanlarımız var və o imkanlardan da istifadə etməliyik. Xüsusi əhəmiyyətli məsələ energetika və nəqliyyat sahələrində icra olunan layihələrdir. Üçtərəfli layihələr - Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə həyata keçirilmiş layihələr çox əhəmiyyətlidir. Gürcüstan biznesin inkişafına görə, dünyada 6-cı yeri tutur. Bu, Azərbaycan şirkətlərinin daha da fəallaşmasına kömək edəcək. Bizim üçün mədəniyyət və təhsil sahələrində əməkdaşlıq da əhəmiyyətlidir”.
O. Əsədov bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında Gürcüstanın nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi postuna seçkilərdə Azərbaycan nümayəndəsi Asəf Hacıyevi dəstəklədiyinə deyə görə təşəkkürünü çatdırıb.