Bu gün parçalanmış Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin digər qanadı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında növbəti toplantısını keçirib.
ONA-nın məlumatına görə, İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov mayın 5-də AXH-nin Ali Məclisinin iclasının keçiriləcəyini bildirib.
İ.Həmidov deyib ki, iki gün əvvəl İdarə Heyətinin üzvü, digər qanadda təmsil olunmuş Rəhim Qazıyevlə görüşüb, görüş nəticəsiz qalıb: "Əhməd Orucla da başqa şəxs görüşüb. Əhməd Oruc deyib ki, heç kimi qəbul etmirəm, lider özüməm. Bu da onun bədbəxtçiliyidir".
İ.Həmidov Ali Məclisdə AXH-nin Məclisində qurumun Əsasnaməsinin qəbul olunacağını, Əsasnamədə AXH-nin heç bir seçkidə iştirak etməməsinin əksini tapacağını söyləyib: "Qarşı tərəf deyir ki, İsgəndər Həmidov Məclisdə özünü lider seçdirəcək. Bu yalandır. Biz qarşı tərəfə deyirik ki, gəlin bir yerdə Ali Məclis keçirəcək, ancaq nəticə yoxdur. Opponentlərə deyirəm ki, rayonlara gedib yerli özəklərə deməyin ki, onlar hakimiyyətə satılıb. Bunun nəticəsi yoxdur, olmayacaq. Ali Məclisə qədər qapılar açıqdır. Ali Məclisin iclasının Azərbaycan Demokrat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulub".
İ.Həmidov Milli Şuranın AXH ilə fəaliyyətini uzlaşdırmaq niyyətində olduğu barədə xəbərlər çatdığını nəzərə çatdırıb: "Ancaq bu barədə hələ ki, mənə rəsmi müraciət olmayıb".
İdarə Heyətinin üzvü Valeh Mirzəyev isə qarşı tərəfi də yaxşı bir təşkilat yaratmağa çağırıb: "Mən təklif edirəm ki, bir yerdə ola bilmiriksə, yaxşı yarış içində olaq. Onlar da bir yaxşı təşkilat yaratsınlar, cəmiyyətdəki problemlərin həllinə çalışaq. Dedi-qodu bizlik deyil, işimizlə məşğul olmalıyıq".
İdarə Heyətinin üzvü Ramiz Tağıyev AXH-nin parçalanmadığını iddia edib və Ə.Orucun partiyasının özündən ibarət olduğunu vurğulayıb: "Qatar sürət almamış buradan gedənləri parçalanma kimi qələmə vermək düzgün deyil. Ali Məclisi keçiriləcək, İdarə Heyəti formalaşacaq. Hələ İdarə Heyəti Ali Məclisdə formalaşmadığı üçün parçalanmadan danışmaq düzgün deyil. Burada birinin özünün lider olduğunu iddia etdiyi bildirildi. Partiyası yalnız özündən ibarət olunan şəxs necə lider ola bilər? Lider xalqdır".
İclas müzakirələrlə davam edib.
Qeyd edək ki, parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb. Bu gün hər iki qanad ayrı-ayrılıqda iclas keçirmək barədə qərar qəbul edib. Vətəndaş və İnkişaf Partiyasının qərargahında İdarə Heyətinin üzvləri - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın başqanı Tural Abbaslı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli, İslam Demokratik Partiyasının sədri Tahir Abbaslı iclas keçirib. Hüquqşünas Qurban Məmmədov də bu qanadda təmsil olunur. İclasda may ayı üçün iş planı müzakirə olunub.
Bu gün saat 15.00-da isə Klassik Xalq Cəbhəsi Partiyanın (KXCP) qərargahında sabiq daxili işlər naziri İsgəndər Həmidov, milli azadlıq hərəkatının fəallarından olmuş Ramiz Tağıyev, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digər İdarə Heyəti üzvlərinin iştirakı ilə digər qanadın iclası keçirilib.
Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu hələlik qanadların hər hansı birində təmsil olunmaq istəmədiyini, özünü vahid AXH-də gördüklərini bildirib. M.Mirəlioğlu bu gün AXH-nin parçalanmış qanadlarının heç birinin toplantısına qatılmayıb.