Bu ilin fevralında növbədənkənar Prezident seçkiləri zamanı Azərbaycan QHT-ləri seçkilərin monitorinqi və müşahidəsi ilə əlaqədar yüksək fəallıq nümayiş etdirdi, rekord göstəricilər əldə olundu. Maraqlıdır, vətəndaş cəmiyyəti təmsilçiləri 1 sentyabr - Milli Məclisə növbədənkənar seçkiləri necə monitorinq edəcək, müşahidəçilər hansı təşkilatlardan olacaq?
Sosial mediada və internet resurslarında yayılmış informasiyalar əsasında topladığımız məlumatların təhlili göstərir ki, bu dəfə seçkiləri monitorinq etmək üçün QHT-lərin 2 koalisiyası elan olunub:
- “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası
Bu Koalisiya 3 QHT - “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İB-nin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB-nin sədri Vüqar Tofiqli tərəfindən təsis olunub.
“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli bildirib ki, Koalisiya hazırda seçkiqabağı mühiti qiymətləndirən aralıq hesabat üzərində işləyir, yaxın günlərdə bu hesabat ictimaiyyətə açıqlanacaq: ““Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklüzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obyektiv qiymətləndirmə ilə təmin etməkdir. Koalisiya səsvermə günü 500 nəfər müşahidəçi ilə 75 seçki dairəsində müşahidəni təşkil edəcək. Artıq Koalisiya tərəfindən müəyyən edilmiş müşahidəni aparacaq şəxslər bütün ölkə üzrə müşahidə hüququ əldə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Müşahidəçi kimi qeydə alınmış şəxslərə müşahidə aparılması qaydaları, onların hüquqları və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunvericilikdə əskini tapan digər məsələlərlə bağlı təlimlər keçiriləcək”. Z.İbrahimli onu da qeyd edib ki, Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar, ayrı-ayrı namizədlər, habelə seçkilərin monitorinqini həyata keçirən beynəlxalq təşkilatların nümayəndələri, ixtisaslaşmış QHT-lər ilə görüşlər keçirəcək. Koalisiya hesabatlar hazırlayaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim edəcək. Koalisiya sosial şəbəkələr, media vasitəsilə mütəmadi açıqlamalar yaymaqla, ictimaiyyəti gedişat barədə çevik məlumatlandıracaq”.
- “Mənim səsim” Seçki Monitorinq Koalisiyası
Bu Koalisiyanı isə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı yaradıb. Bu Koalisiya bu il Prezident seçkiləri vaxtı təsis olunmuş və seçkilərlə bağlı prosesi yaxından izləmiş, hesabatlar yaymışdı.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib ki, Koalisiya seçki dairələrinin 50%-dən çoxunda müşahidə aparacaq: “Hazırda seçki günü seçki məntəqələrində respublika üzrə müşahidə aparacaq nümayəndələrimizin siyahısını yekunlaşdırmaq üzrəyik: “Bu günlərdə Koalisiyanı təmsil edəcək 400 nəfər müşahidəçinin sənədləri MSK-ya təqdim olunacaq, daha 100 nəfərin sənədləri isə yekunlaşmaq üzrədir. Biz builki Prezident seçkilərində Qarabağ və Şərqi Zəngəzurda da seçki məntəqələrində olduq, bu dəfə də azad edilmiş ərazilər daxil olmaqla, bütün respublika boyu müşahidə missiyamız prosesi izləyəcək”.
Səadət Bənənyarlı onu da deyib ki, namizədliklərini irəli sürmüş bəzi şəxslərdən müəyyən şikayətlər də alıblar, həmin müraciətləri araşdırırıq, MSK-ya da müvafiq sorğularımız olacaq, bunları mütləq hesabatlarımızda qeyd edəcəyik”.
Koalisiyalarda birləşməyən, amma seçkiləri izləyəcək QHT-lər
Koalisiyalarda birləşməyən xeyli sayda QHT də respublika üzrə seçkiləri izləyəcək. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının da ümumilikdə 2000 nəfərdən çox seçki müşahidəçisi ilə seçki günü məntəqələrdə olacağı bildirilir.