Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü daha iki qurum “exit-poll” keçirəcək.
ONA xəbər verir ki, Nərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
MSK-nın iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.
Bu təşkilat 118 dairə üzrə 236 məntəqədə prosesi həyata keçirəcək. Təşkilatda gənclər üstünlük təşkil edir. Prosesə nəzarət üçün qrup liderləri müəyyənləşdirilib. Qrup liderləri gənc müsahibəçilərin və supervayzerlərin işinə nəzarət edəcək.
MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə də baxılıb. Təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək. R. Qasımov deyib ki, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib: “1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müsahibəçinin olması ilə bağlı da məlimat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdırlar. Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.
MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.