Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün gələcək Rusiya nümayəndə heyətinin tərkibi məlum olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinə Dövlət Dumasının MDB ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov rəhbərlik edəcək.
L.Kalaşnikov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün fevralın 7-də böyük nümayəndə heyəti Bakıya gələcək.
Onun sözlərinə görə, nümayəndə heyətinə Federasiya Şurası və Dövlət Dumasının deputatları daxildir: "Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək nümayəndə heyətinin tərkibində Dövlət Dumasnın bütün fraksiyalarından deputatlar təmsil olunacaq. Ümumilikdə Rusiya nümayəndə heyətinə 6 nəfər daxildir".
Rusiyalı parlamentari bundan başqa ölkəsinin bir sıra beynəlxalq təşkilatların, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərinin tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəyini açıqlayıb.