Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.
ONA-nın xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.
Spiker Oqtay Əsədov deyib ki, sabah Milli Məclisin sonuncu plenar iclası ola bilər.
***
12.53
Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb.
ONA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker qeyd edib ki, redaksiya heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxildir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.