• SİYASƏT

    02:06 1 mart 2020

Perunun “El Peruano” qəzetində Xocalı Soyqırımı barədə məqalə dərc edilib

Perunun rəsmi “El Peruano” qəzetində "Xocalı Soyqırımı" (El Genocidio de Jodyalí) sərlövhəli məqalə dərc edilib

Bu barədə APA-ya Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı cinayətdən, Ermənistanın ölkəmizə qarşı təcavüzündən, işğal olunmuş ərazilərdə həmvətənlərimizə qarşı həyata keçirilmiş etnik təmizləmədən bəhs edilir.

Qeyd edilir ki, həmin qanlı gecədə yeni tarixin ən dəhşətli hadisəsi baş vermiş, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırım aktı törədilib. Uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, yüzlərlə dinc mülki əhali kütləvi şəkildə amansızcasına qətlə yetirilib.

Məqalədə həmçinin Ermənistanın işğal etdiyi torpaqlardan qovulan bir milyon azərbaycanlının bu günə qədər doğma torpaqlarına dönəcəklərini həsrətlə gözlədikləri vurğulanıb.

Xocalı soyqırımının dünyanın bir çox ölkələri, o cümlədən Peru, Meksika, Kolumbiya, Honduras, Qvatemala və beynəlxalq təşkilatlar tərəfindən tanınması, bununla əlaqədar çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd olunub.

Bu vəhşiliklərin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğu bildirilir. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi vurğulanır, Xocalı soyqırımının günahkarlarının nə üçün cəzalandırılmadığı barədə sual verilir.

"Xocalıya ədalət!" təbliğat kompaniyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında və Xocalı faciəsinin dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini hər zaman ehtiramla yad edəcəyi və ölkənin ərazi bütövlüyü bərpa olunana qədər haqlı mübarizəsini davam etdirəcəyi vurğulanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR