Perunun ən çox oxunan “El Comercio” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.
Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, münaqişənin tarixindən danışan səfir, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz evlərindən qovduğunu bildirib. Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyən səfir, Ermənistanın məqsədininsə hər zaman Dağlıq Qarabağdakı işğalın nəticələrini gücləndirmək olduğunu, bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə bu günə kimi məhəl qoymadığını və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını qeyd edib.
Təmsilçimiz bildirib ki, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarənsə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə başlamış, bu hücumlar mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmuş, nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlayıb.
İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini deyən səfir, işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.
İmzalanan bəyanatın münaqişəyə tam son qoyması haqda sualla bağlı təmsilçimiz Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozduğunu, hazırda isə bölgədə sülhməramlı qüvvələrin yerləşdirildiyini, əldə olunan razılaşmanın davamlı olacağına ümidvar olduğumuzu, hər bir halda Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkib öz xalqını barışığa hazırlamalı olduğunu bildirib.
Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, burada 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanların, o cümlədən on minlərlə erməninin yaşadığını, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemimiz olmadığını deyən səfir, ermənilərin insanlıq əleyhinə cinayətlər törətmiş olmasına, bu səbbədən birgə yaşayışın xeyli müşküllüyünə baxmayaraq bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkdiyini qeyd edib.
Türkiyənin müharibə ərzində Azərbaycana yardımına dair suala münasibətdə səfir Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, iki ölkə arasında olduqca sıx tarixi-mədəni və iqtisadi bağlar mövcud olduğunu, birgə həyata keçirdiyimiz layihələrinin Avropanın da enerji təhlükəsizliyinə önəmli töhfə verdiyini, bununla belə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüquqa istinad edərək bu mövqedən çıxış etdiyini vurğulayıb.