“Azərbaycan Şərq və Qərbin qovşağındadır. Biz də bir araya gəlib problemlərimizi müzakirə etməliyik. Xalqımızın qarşısında çağırışlar və təhdidlər durur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S. Seyidov deyib ki, beynəlxalq təlatümlərin olduğu bir dövrdə bir qarşılıqlı anlaşmanı, dialoqu təşviq etməliyik: “Beynəlxalq münasibətlərdə çox təlatümlü dövrdəyik”.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov nəzərə çatdırıb ki, Azərbaycanda müntəzəm beynəlxalq tədbirlər keçirilir: “Bu gün də Avropa Liqasının final oyunu keçiriləcək. Azərbaycan xristian və müsəlman dünyasının, Avropa və Asiyanın qovşağında yerləşir. Bu baxımdan Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır”.
S. Markov Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin də mövcud olduğunu qeyd edib: “Cəmiyyətlər öz kimliklərinə getdikcə daha çox diqqət yetirir”.
Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xatırladıb: “Ermənistanın ərazisi əvvəllər Azərbaycan torpağı olub, 2 əsr əvvəl ermənilər çar Rusiyası tərəfindən o ərazilərə yerləşdirilib. Ermənistan hazırda monoetnik ölkədir. Lakin Qafqazda müxtəlif xalqlar var. Bu regionda monoetnik bir dövlət görmək təəccüblüdür. Ermənistanın ətrafında isə 4 poloetnik dövlət var”.
F. Axundov bir əsr əvvəl İrəvanın müsəlman şəhəri olduğunu, Bakıya bənzədiyini bildirib: “İndi isə İrəvan tamamilə fərqlidir. Hazırda Ermənistan ərazilərimizin 20 faizini işğal edib, orada da etnik təmizləmə aparılıb. Ermənistanda nasizm qəhrəmanlaşdırılır. Ermənistanda nasistlərin heykəlləri daha böyükdür. Mayın 9-da bütün Avropa nasizm üzərində qələbəni bayram edir. Lakin Ermənistanda hələ də nasizm qəhrəmanlaşdırılır”.
Prezident Administrasiyasının sektor müdiri Azərbaycanın Avropa ölkələrində bu mövzu ilə bağlı konfrans keçirməyə hazır olduğunu vurğulayıb.