• SİYASƏT

    13:20 5 avqust 2022

Prezident Avstriya və Slovakiyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

ONA xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Dövlət başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd edib və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunub. Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd edib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Tomas Şuller-Qötzburq ölkələr arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayıb. İkitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir bunun üçün səylərini əsirgəməyəcəyini deyib. Tomas Şuller-Qötzburq vurğulayıb ki, dövlət başçısı tərəfindən əməkdaşlığımızın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacibdir. Səfir, eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcəyini bildirib. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın da etimadnaməsini qəbul edib.

ONA xəbər verir ki, səfir Milan Layçak etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında əlaqələrin uğurlu inkişafını qeyd edərək qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayıb.

Dövlət başçısı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib, əvvəllər müzakirə edilən məsələlərin həyata keçiriləcəyinə ümidvar olduğunu deyib. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın və qarşılıqlı ticarətin dərinləşdirilməsi, həmçinin Azərbaycan və Slovakiya şirkətlərinin ölkələrimizdə fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda marağını da qeyd edib.

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığına verdiyi dəstəyi də vurğulayıb.

Səfir Milan Layçak ölkələrimiz arasında siyasi əlaqələrin kifayət qədər fəal olduğunu qeyd edərək iqtisadi münasibətlərin genişləndiyini deyib və əlaqələrimizin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Prezident Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Avstriyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Slovakiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Slovakiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Slovakiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Prezident Slovakiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR