“Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər”.
ONA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən deyib.
“İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir”, - Prezident vurğulayıb.