• SİYASƏT

    16:05 28 mart 2019

Prezident: "Dövlət sahibkarların yanında olacaq"

"Bir daha demək istəyirəm ki, ilk növbədə, yanğının səbəbləri tam araşdırılmalıdır. İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir".

ONA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirilən müşavirənin yekununda deyib.

Dövlət başçısı qeyd edib ki, dövlət sahibkarların yanında olacaq: "Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar. Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaqdır".

Prezident vurğulayıb ki, komissiya tezliklə fəaliyyətə başlamalıdır, bütün bu məsələləri araşdırmalıdır və yekun rəy təqdim etməlidir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR