"Mən demək istəyirəm, bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib, müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib. Hətta 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın təxribatına elə cavab verib, elə əlverişsiz mövqedən gedib o torpaqları boşaldıb, azad edib ki, bu günə qədər bəzi hərbi ekspertlər buna məəttəl qalırlar. Son günlərin hadisələri onu bir daha göstərir. Ona görə ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik. Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram. Çünki bizdə müddətdən artıq xidmət edənlərin sayı artır, bu da mənim göstərişim idi. Onlar yaxşı maaş alırlar. Onlar artıq təlim keçmiş, orduda xidmət etmiş insanlardır. Biz onları cəlb edirik və əgər belə təşəbbüs olacaqsa, bunu ancaq alqışlayacağıq. Amma bu gün meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən gedib necə vuruşacaqsan? Gedib nə ilə vuruşacaqsan? Sən vuruşmaq üçün gərək təlim keçəsən. Gərək sən nizamlı orduda xidmət edəsən. Səni gərək hazırlasınlar, səni gərək öyrətsinlər".
APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
"Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə", - deyə dövlət başçısı bildirib.