Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə Almaniyanın milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.
İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə də təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm".