Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
  • SİYASƏT

  • 18:15 03 Mart 2020

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, qonaqları salamlayan Prezident İlham Əliyev səfərin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi, mənim Davos Forumu zamanı Prezident Çakrabarti ilə görüşmək, gələcək planlarımızı müzakirə etmək və görülən işləri bir qədər nəzərdən keçirmək imkanımız oldu. Əməkdaşlığın səviyyəsi bizi çox qane edir. Azərbaycan üçün portfolio 3,5 milyard dolları ötüb. Mənə verilən məlumata görə, bu, 170-dən çox layihədir. Yaxşı məqam ondadır ki, bunun yarısı özəl sektorun payına düşür. Düşünürəm ki, bu, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin çox yaxşı göstəricisidir. Çünki, Azərbaycanda özəl sektor bu sahədə cəmləşib. Biz onların rəqabətqabiliyyətli olmasına kömək etmək üçün işləyirik. Şadıq ki, qeyri-enerji ixracatımız artır. Bu, şaxələndirilmənin göstəricisidir. Əlbəttə ki, biz daha çox iş görməliyik. Biz, həmçinin lazım olan zaman infrastruktur layihələrimizə verdiyi güclü dəstəyə görə Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarıq. Lakin indi onların əksəriyyəti uğurla tamamlanıb. Cənub Qaz Dəhlizinə dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Biz bu yaxınlarda Məşvərət Şurasının 6-cı toplantısı çərçivəsində il ərzində görülən işləri və gələcək planları nəzərdən keçirdik. Beləliklə, tərəfdaşlıq hər zaman çox müsbət olub və müxtəlif vaxtlarda biz diqqəti Azərbaycan iqtisadiyyatının praktiki ehtiyacları üzərində cəmlədik. Düşünürəm ki, bu, həmçinin çox çevik və yekun nəticəyə istiqamətlənmiş yanaşmanın yaxşı göstəricisidir. Sözsüz ki, əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib. Ona görə də, indi qarşımızda duran çağırışlar və məsələlər 10 il bundan əvvəl üzləşdiklərimizdən fərqlidir. Beləliklə, bizim əsas istiqamətimiz özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır. Biz qeyri-enerji sektorunda sənaye istehsalında bəlkə də ən yüksək səviyyəyə nail olmuşuq. Ötən il bu 15 faizə yaxın olub. Bu ilin yanvarında rəqəmlər təxminən eynidir. Beləliklə, bu, onu göstərir ki, infrastruktur layihələri, eləcə də, sahibkarlığa olan dövlət dəstəyi çox müsbət investisiya mühiti yaradıb. Siz “Doing Business” hesabatından bizim islahatlarımız barədə bilirsiniz. Biz 20-yə yaxın ən islahatçı ölkə arasında yer almışıq. Lakin yenə də çox iş görülməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdan gələn dövrdə, - biz 2020-ni yaxşı nəticələrlə başlayırıq, - əvvəllər olduğu kimi yenə də Avropa Yenidənqurma və İnkişaf Bankından eyni dəstəyi almaq üçün qısa və uzunmüddətli addımlarımızı və strategiyamızı müvafiq şəkildə planlaşdırmalıyıq. Əminəm ki, sizin bütün əlaqələriniz bizə bu məqsədə çatmağa imkan verəcək. Bir daha xoş gəlmisiniz". 

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink təmsil etdiyi bankla Azərbaycan arasında uzun illərdir mövcud olan münasibətlərdən razılığını ifadə edib. İndiyə kimi Bankın ölkəmizə 3,3 milyard dollardan çox investisiya yatırdığını bildirən Yurgen Riqterink hazırda 1,1 milyard dollar dəyərində investisiya portfelinin olduğunu da söyləyib. 

Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru ilə birlikdə Davosda Prezident İlham Əliyev ilə görüşünü xatırlayan qonaq Azərbaycan dövləti başçısının iqlim dəyişikliyi məsələləri və ölkədə xarici borcun azalması ilə bağlı görülən işlər barədə söylədiklərinin maraq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirən Yurgen Riqterink ölkəmizdə həyata keçiriləcək birgə layihələrin icrası və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. 

Söhbət zamanı bərpa olunan enerji, nəqliyyat, özəl sektorun inkişafı, meliorasiya və su təchizatı və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri ilə bağlı müzakirələrin aparılmasının zəruriliyi qeyd edilib. 

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR