Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib.
APA xəbər verir ki, iclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olunub. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulanıb.
İclasda Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti və digər nüfuzlu qonaqlar iştirak ediblər.