Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən bildirib.
Dövlət başçısı deyib ki, son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır: "Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır".