“Siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.
Prezident bildirib ki, bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır.
“Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.