Prezident İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin etimadnaməsini qəbul edib.
ONA-nın məlumatına görə, səfir Qasim Məhəmməd Salim Al Salhi fəxri qarovul dəstəsinin qarşısından keçib. Qasim Məhəmməd Salim Al Salhi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğulayıb.
Səfir Qasim Məhəmməd Salim Al Salhi ilk növbədə Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək səfir kimi fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev Oman Sultanı Qabus bin Said Al Saidin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlıq, o cümlədən universitetlərarası əlaqələr məsələlərinə də toxunulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün həmçinin Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.
Səfir Sivienqpxet Pxetvorasak fəxri qarovul dəstəsinin qarşısından keçib. Sivienqpxet Pxetvorasak etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlıq üçün konkret sahələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu səfərlər zamanı əlaqələrimizin daha da inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.
Səfir Sivienqpxet Pxetvorasak Laos rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. Sivienqpxet Pxetvorasak əlaqələrimizin inkişafına Azərbaycan tərəfinin verdiyi dəstəyi Laos hökuməti və xalqının yüksək qiymətləndirdiklərini deyib. Sivienqpxet Pxetvorasak öz növbəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini qeyd edib. Səfir ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini dedi və yaxşı ənənələrə əsaslanan əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əmin olduğunu bildirib.
Dövlət başçısı Laos rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Laos rəhbərliyinə çatdırmağı xahiş edib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
16:55
Prezident İlham Əliyev avqustun 2-də Oman Sultanlığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin etimadnaməsini qəbul edib.
ONA-nın məlumatına görə, Prezident İlham Əliyev avqustun 2-də Laos Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın da etimadnaməsini qəbul edib.