Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.
ONA-nın xəbərinə görə, dövlət başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.