• SİYASƏT

    23:20 3 fevral 2020

Prezident İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”


“Keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanmışdır. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir: “Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.

Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atıldığını diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, həmin dövr ərzində 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib: “Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır.

İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi irəliləyiş olubdur. Deyə bilərəm ki, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi. Ancaq hazırda bu işlər aparılır və 400 meqavat gücün daha çox hissəsi Mingəçevir İstilik-Elektrik Stansiyasında aparılan təmir-bərpa işlərinin hesabına əldə edilmişdir. Əlbəttə, digər stansiyaların da itirilmiş gücləri bərpa edilib və biz 400 meqavatı məhz buradan əldə etdik. Bu proses davam edir. Bu il də təqribən həmin rəqəm səviyyəsində generasiya gücü bərpa olunacaq. Biz indi elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”.

Prezident İlham Əliyev qeyd edib ki, ötən il qazlaşdırma prosesi də davam etdirilib: “Bu gün ölkəmizin demək olar ki, bütün yerlərində qazlaşdırma təmin edilibdir. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir. 1300 kilometr avtomobil yolu salınıb. Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik.

O cümlədən meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur. Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək”.

Dövlət başçısının sözlərinə görə, bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir: “Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”.

Prezident əlavə edib ki, keçən il, eyni zamanda, nəqliyyat sahəsində böyük layihələr icra edilib: “Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR