Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA xəbər verir ki, Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.
Görüşdə, həmçinin TÜRKPA-nın IX plenar iclasının əhəmiyyətinə toxunulub, Azərbaycanın Türk Şurasına uğurla rəhbərlik etməsinin və təşkilata dünyada marağın getdikcə artmasının önəmi qeyd olunub, bu qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.