“Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı”.
ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artıb. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu.
Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaq. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.
Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcək”.
Prezident İlham Əliyev qeyd edib ki, ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur: “Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər var. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.