• SİYASƏT

    13:42 13 iyul 2020

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

ONA xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR