İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
APA xəbər verir ki, müşavirədə çıxış edən Prezident İlham ƏLİYEV deyib:
-İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.
Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.
Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.
Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.
Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.
Bu proqramın və təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat üçün söz verilir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə.
Nazir Sahil BABAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Siz ilin əvvəlində bəyan etmişdiniz ki, bu il sosial inkişafla bağlı çox fərqli bir il olacaqdır. Həqiqətən də Sizin təşəbbüslərinizlə iki böyük sosial islahat paketi qəbul edildi. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaqdır. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaqdır.
Əlavə olaraq, tapşırığınıza əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə etdi və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırıldı.
Sizin digər bir sosial təşəbbüsünüz olaraq, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edildi və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanıldı. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunacaqdır. Digər avtomatlaşdırma tədbirləri də davam etdiriləcəkdir. O cümlədən müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra cari il üçün 180 min müraciətin tam şəkildə, praktik qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi həyata keçiriləcəkdir.
Prezident İlham ƏLİYEV: Özünüməşğulluq Proqramı ilə bağlı hansı işlər görülür? Çünki ilin əvvəlində biz planlaşdırırdıq ki, təqribən 7 min insanı əhatə edəcək, amma həyat göstərir ki, rəqəm artır və tələbat da artır. Yəni, bu sahədə hansı işlər görülüb və proqramın əhatə dairəsi nə qədər genişlənəcəkdir?
Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin tapşırığınızla ötən il biz 6 min ailəni əhatə edə bildik və 6 min ailəyə mikro və kiçik biznesə başlaması üçün aktivlər təmin edildi. Sizin göstərişinizə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcəkdir. Sizin göstərişlərinizə uyğun olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb. Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır.
Prezident İlham ƏLİYEV: Bəli, biz bu məsələləri beynəlxalq maliyyə qurumları ilə də müzakirə etmişik. Dünya Bankı ilə bu ilin əvvəlində müzakirələr aparılıb və biz onları bu proqrama dəvət etdik. Dünya Bankının bu proqramda iştirakı təbii ki, bizə əlavə maliyyə resursu verəcək.
May ayında açılan DOST mərkəzinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin iştirakınızla DOST mərkəzi açıldıqdan sonra həqiqətən də çox böyük bir rəğbət toplayıbdır. İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir. Sizin göstərişlərinizə uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq. DOST mərkəzinin, DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn xidmətlərin göstərilməsi məsələsidir. Bununla bağlı orada çox müasir “Çağrı mərkəzi” qurulub. Vətəndaşlarımızdan gələn müraciətlərin sayından və onların məmnunluq səviyyəsindən görünür ki, “Çağrı mərkəzi” vasitəsilə bir çoxları öz xidmətlərini əldə edirlər, hətta mərkəzə gəlməyə də ciddi ehtiyac duymurlar. Düşünürük ki, DOST mərkəzi Sizin növbəti təşəbbüsünüz olaraq Azərbaycanın bir brendinə çevriləcəkdir.
May ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Agentliyinin Avropa Forumu keçirildi və 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri DOST mərkəzini ziyarət etdilər. Onların da ilkin qiymətləndirməsi çox yüksək oldu. İnanırıq ki, qısa müddət ərzində bu şəbəkə genişləndirilərək ölkə ərazisini tam şəkildə əhatə edəcək.
Prezident İlham ƏLİYEV: Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq.
Bütövlükdə ilin əvvəlindən icra edilən Proqramın əsas göstəriciləri haqqında danışmaq üçün İqtisadiyyat naziri Şahin Mustafayevə söz verilir.
Nazir Şahin MUSTAFAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, həqiqətən Siz 2004-cü ildən başlayaraq ölkədə regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirirsiniz və apardığınız sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır.
Qeyd etdiyiniz kimi, artıq bu ilin əvvəlində təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılmışdır. Üç Dövlət Proqramı böyük uğurla icra olunmuşdur və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişmişdir. Regionların indiki vəziyyəti 15 il bundan əvvəlki vəziyyətindən həqiqətən, fundamental dərəcədə fərqlənir. Bu inkişafda qəbul etdirdiyiniz proqramların rolu müstəsna əhəmiyyət kəsb edir.
Bu ilin əvvəlində təsdiqlədiyiniz dördüncü proqramın icrası uğurla davam etdirilir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi, ilk növbədə, bu proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Eyni zamanda, bu proqram regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun yaxşılaşmasına da yönəldilmiş bu proqram ciddi nəticələr verir. Həmçinin Dövlət Proqramının icrası kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Bu gün artıq qeyd etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.
Mən regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələri haqqında qısa məlumat vermək istəyirəm. Artıq sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Həmçinin tapşırığınızla regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Tapşırığınıza uyğun olaraq 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözləyirik. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaqdır.
Həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
Aydındır ki, biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bu baxımdan qeyd etdiyiniz infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Qeyd etdiyiniz kimi, elektrik, qaz təchizatı, yolların çəkilməsi, xüsusilə kənd yollarının çəkilməsi və son illər ərzində Sizin tapşırığınızla bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kənd yerlərində mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.
Siz meliorasiya sahəsində görülən işləri qeyd etdiniz. Min kilometrlərlə kollektor-drenaj sistemləri təmizlənir, subartezian quyuları qazılır, əhalinin istifadəsinə verilir. Eyni zamanda, Siz hər il bu proqrama ciddi diqqət göstərir, onu şəxsən təsdiq edirsiniz. Bu quyuların kəndbəkənd dislokasiyasına Siz özünüz nəzarət edirsiniz və bunun da çox gözəl nəticələri göz qabağındadır.
Mən xüsusilə sosial sahədə görülən işləri də vurğulamaq istəyirəm. Cənab Prezident, regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aid idi. Bu proqram da uğurla icra olunur. Sizi əmin etmək istəyirəm ki, proqramda nəzərdə tutulan bütün işlər yerinə yetiriləcəkdir.
Cənab Prezident, qeyd etmək istəyirəm ki, proqramda nəzərdə tutulmuş bütün tədbirlərin icrasına nəzarət olunur. Bu nəzarət göstərir ki, nəzərdə tutulan işlər Sizin müəyyən etdiyiniz vaxtda yüksək keyfiyyətlə icra olunacaqdır.
Prezident İlham ƏLİYEV: Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.
O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır.
Güzəştli şərtlərlə verilən kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsində idi. Bunların neçə faizi icra olunub və hazırda vəziyyət nə yerdədir?
Nazir Şahin MUSTAFAYEV: Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılmışdır. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib.
Prezident İlham ƏLİYEV: Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq.
Mən qeyd etdim ki, bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik.
İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir. Manatın məzənnəsi də sabitdir. Makroiqtisadi vəziyyətlə bağlı və ümumiyyətlə, bu sahədə görülmüş işlərlə, planlarla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova söz verilir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV çıxış edərək dedi:
- Təşəkkür edirəm, cənab Prezident.
Bütövlükdə ölkənin makroiqtisadi sabitliyi onun xarici ticarət və daxili maliyyə balanslarının tarazlığından ibarətdir, ondan asılıdır. Bu istiqamətdə artıq Siz qeyd etdiniz, əlverişli şəraitdə Azərbaycanın həm xarici ticarət balansı 2,9 milyard dollar həcmində profisitlidir, o cümlədən bizim xarici ödəmə balansımız da profisitlidir. Bütövlükdə cari ildə, - artıq Siz qeyd etdiniz, - bizim ixracımız 15 faizdən çox artıb. Amma fərəhli hal odur ki, artıq qeyri-neft ixracımız ümumi ixracdan geridə qalmır, o da 15 faiz səviyyəsində artmışdır və qeyri-neft idxalının əhəmiyyətini üstələməkdədir.
Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur. Siz qeyd etdiyiniz kimi, strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.
Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük.
Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.
Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb.
İnflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir. Baxmayaraq ki, Siz artıq qeyd etdiniz, olduqca presedentsiz sosial tədbirlər həyata keçirilir, sosial siyasət gücləndirilir, daxili tələb genişləndirilir, lakin bütövlükdə idarəetmənin yaxşılaşdırılması, görülən tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir.
İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, - orada da sorğular aparmışıq, - kifayət qədər yuxarıdır.
Bütövlükdə inflyasiya səviyyəsinin aşağı olması şəraitində Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin, pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar atır. Uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən bu gün üçün 8,25 faizə qədər endirmişik. Monetar siyasətin yumşaldılmasının digər istiqaməti bütövlükdə kəmiyyət yumşaldılması, yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir. Amma cənab Prezident, son iki ildə pul bazası deyilən bizim əsas göstəricimiz 37 faizdən çox qalxıbdır. Bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması istiqamətində edilir ki, bankların kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən istifadə edə bilsinlər.
İqtisadiyyatda faiz dərəcələrinin aşağı düşməsini müşahidə edirik. Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb.
De-dollarlaşma, deməli bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb.
Kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.
Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin.
Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik.
İqtisadi artım haqqında deyildi, bu, davamlıdır. Bütövlükdə 6 rübdür ki, ümumi iqtisadi artım, 10 rübdür ki, qeyri-neft sektorunda iqtisadi artım davam edir. Bu, onun davamlılığını göstərir. Cənab Prezident, ilin sonuna qədər qarşıda duran vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf etdirilməsindən ibarətdir. Biz bunu təmin etməliyik. Sentyabr ayında Sizin Fərmanla müəyyən etdiyiniz sosial paketin ikinci mərhələsi başlayır. Bütövlükdə bunu təkcə sosial bir paket kimi yox, həm də yeni iqtisadi artım modelinin bir amili kimi görürük. Çünki bütövlükdə əhalinin daxili tələbatının canlanması daxili istehsalın canlanmasına, ixracın şaxələnməsinə dəstək verəcək. Amma başlıca vəzifəmiz bütövlükdə bu sosial proqramların, əhalinin real gəlirlərinin artması prosesini dəstəkləmək, aşağı inflyasiyaya nail olmaqdır. Burada Mərkəzi Bankın hökumətlə çox yaxşı əlaqələndirilmiş işi nəzərdə tutulur. Biz bu məsələləri Maliyyə Sabitliyi Şurasında müntəzəm müzakirə edirik. Hesab edirik ki, biz buna nail ola biləcəyik.
Prezident İlham ƏLİYEV: Mən büdcə daxilolmaları ilə bağlı rəqəmi səsləndirdim. Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub. Hesab edirəm ki, biz ilin sonuna qədər bu yolla gedəcəyik. İndi proqnoz vermək çətindir, amma hesab edirəm ki, plandan əlavə təxminən 700-800 milyon manat vəsait gözlənilir.
Vergilər naziri Mikayıl CABBAROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident. İcazənizlə çox qısa olaraq mən mövcud vəziyyət barədə məruzə edim. Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir. İnanırıq ki, biz bu tempin saxlanılmasına nail olacağıq və hörmətli həmkarlarımızla yaxından işləyirik. Bizdə olan məlumata görə, Dövlət Gömrük Komitəsi də 6 ayda proqnozun 108 faiz icrasını təşkil edib. Bu nəticələrin kökündə duran əsas amillər, ilk növbədə, vergi siyasəti, inzibatçılıq və Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar olub. İkincisi, həmkar qurumlarımızla yaxından, komanda şəklində birgə işimiz, məlumat mübadiləmiz. Üçüncüsü, vergiödəyiciləri ilə münasibətlərimizin təbiətinin dəyişdirilməsi və nəhayət, kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlarımız, o cümlədən dövriyyə və iş yerlərinin kölgədən çıxarılması.
İcazənizlə mən xüsusilə maraq kəsb edən müəyyən meyillərə diqqətinizi cəlb etmək istərdim. Belə ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Bu, 2018-ci ildəki 65,8 faizlə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 faizini artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıbdır. Bu da Sizin göstərişinizlə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14 faiz aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40 faiz artım müşahidə edirik.
Son olaraq, vergi nəzarəti tədbirlərinin azaldılmasını mən xüsusi olaraq qeyd etmək istəyirəm. Belə ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb. Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49 faiz artıb, ilin əvvəlindən isə 20 faiz. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir.
Prezident İlham ƏLİYEV: Büdcənin icrası ilə bağlı vəziyyət nə yerdədir? Samir Şərifov qısa məlumat verin.
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
-Cənab Prezident, 2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir. Belə ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub – 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Deməliyəm ki, Siz artıq qeyd etdiyiniz kimi, cənab Prezident, büdcəni əsas təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir. Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70 faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcəkdir.
Cənab Prezident, mən bəzi məsələlərə xüsusi olaraq toxunmaq istərdim. Burada vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında hesab edirəm ki, böyük məsələlərdən biri bizim dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır. Qeyd etməliyəm ki, cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ ki, 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin.
Dövlət büdcəsinin icrası tam təmin olunur. O cümlədən Sizin tərəfinizdən qəbul edilmiş sosial təşəbbüslər proqramı tam maliyyələşdirilir. Kreditlərlə bağlı Sizin qəbul etdiyiniz çox humanist qərarınızın icrası aidiyyəti orqanlar tərəfindən qısa müddət ərzində təmin olunub.
Dövlət borcu sahəsində də, cənab Prezident, bütün öhdəliklər yerinə yetirilməkdədir. Sizin tərəfinizdən təsdiq olunmuş orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır. Siz qeyd etdiyiniz kimi, borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Cənab Prezident, onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır, biz Sizə məruzə etmişdik ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir.
Ümumiyyətlə, cənab Prezident, qeyd etmək istərdim ki, ilin sonunadək dövlət büdcəsi qarşısında olan öhdəliklərin tam təmin edilməsi üçün bütün şərait yaradılıb. Ələlxüsus, çox ümidverici haldır ki, bizim dövlət büdcəsinə daxilolmanı təmin edən orqanlar tərəfindən proqnoz göstəricilər artımlarla icra olunmaqdadır.
Prezident İlham ƏLİYEV: Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın.
Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq.
Digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq.
Bu sahədə görülmüş işlərlə bağlı söz verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.
Nazir İnam KƏRİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin tərəfinizdən həyata keçirilən aqrar islahatlar üzrə tədbirlər davam etdirilir. Görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək.
Cənab Prezident, fermerləri sevindirən əsas hallardan biri odur ki, Sizin lizinq fəaliyyəti ilə bağlı həyata keçirdiyiniz islahat nəticəsində artıq bazarda tam liberallaşma mövcuddur. Artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilir. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib.
Subsidiyalarla bağlı Sizin həyata keçirdiyiniz islahat nəticəsində, hesab edirik ki, gübrələrlə əlaqədar bu liberallaşma gələn ildən tam həyata keçiriləcək. Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb.
Möhtərəm cənab Prezident, qarşımıza qoyduğunuz əsas vəzifələrdən biri elektron kənd təsərrüfatının təşviqidir. Hazırda artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Bununla yanaşı, Sizin tərəfinizdən həyata keçirilən digər vacib islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək.
Müşavirəyə yekun vuran Prezident İlham ƏLİYEV dedi:
-Bu sahədə də işlər uğurla gedir. Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək.
Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır. Nağdsız ödənişlərin ümumi həcmi Azərbaycanda 2 milyard 300 milyon dollardır. Elədir?
Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq ƏMİROV: Bəli, nağd çıxarılan məbləğlər istisna olmaqla.
Prezident İlham ƏLİYEV: Bu sahəyə çox ciddi diqqət göstərilməlidir.
Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.
Bakı şəhərində bir çox layihələr icra edilir, o cümlədən kommunal təsərrüfat yenilənir, 400-dən çox lift alınıb və quraşdırılır, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib. Şəhər nəqliyyatı üçün 300 yeni müasir avtobus gətirilir və bu, doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının müasirləşməsi bizim üçün çox önəmlidir - vətəndaşların rahatlığı, təhlükəsizlik tədbirləri üçün. Metro vaqonları alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir ki, burada metro tikintisi aparılır və postsovet məkanında biz bu sahədə də sayılan şəhərlər arasındayıq. Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır.
Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir. Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir.
İnşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır.
Yəni, bu, bizim sosial sahədə gördüyümüz işlərdir. Yəni, buna görə bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır.
Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.
İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir.
Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir. İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir.
Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir.