Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han bu gün iştirak etdikləri V Azərbaycan-Avropa İttifaqı Biznes Forumuna toxunaraq, buraya xeyli sayda iştirakçının gəlməsini bu tədbirə verilən önəm kimi dəyərləndirib və Forum çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı çox səmərəli müzakirələrin aparıldığını qeyd edib.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər sahələrdə nailiyyətlər əldə edildiyini vurğulayaraq, bütün bunların ölkənin davamlı iqtisadi inkişafı üçün yaxşı əsas yaratdığını deyib.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirib və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb. Qonaq onu da qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların yekunlaşması əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verəcək. O, Azərbaycanın Avropa İttifaqı üçün enerji sahəsində əsas strateji tərəfdaş olduğunu bildirib və Cənub Qaz Dəhlizi layihəsinin qısa zamanda yekunlaşacağına əminliyini ifadə edib. Komissar Yohanes Han, həmçinin qeyd edib ki, Azərbaycan Avropanı geniş Avrasiya məkanı ilə birləşdirən mühüm nəqliyyat dəhlizidir və bu sahədə saziş və layihələrin imzalanması və həyata keçirilməsinin tərəfdarıdır.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də vacibliyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.