Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyev Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını deyib. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiklərini vurğulayıb. Dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib.
Qəbula görə minnətdarlığını bildirən nazir Gian Marko Centinaio İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. O, keçən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğulayıb. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırdı və bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd edib.
Dövlət başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının mühüm tədbir olduğunu deyib, bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini çox əlamətdar və tarixi hadisə kimi dəyərləndirib və Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycanla İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin mədəni əlaqələrinin inkişafında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Roma şəhərində ucaldılmasının və Azərbaycanın Roma şəhərində aparılan arxeoloji işlərə verdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.