"Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü".
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdə deyib.
Dövlət başçısı bildirib ki, hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır: "Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstərilir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünüz, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmusunuz.
Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır.
Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir.
Oyunlar artıq tarixdir. İdmançılarımız bu medalları əminəm ki, qürur hissi ilə daşıyacaqlar. Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır".