• SİYASƏT

    15:07 24 may 2019

Prezident İlham Əliyev: “Problemlərin həlli üçün bizdə güclü siyasi iradə var”

“Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcək. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcək. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil edilmiş iftar süfrəsində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır: “Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilib və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunub. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcək, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir: “Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR