Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub.
ONA xəbər verir ki, xanım Ana Birçal Rumıniya Prezidentinin və baş nazirinin salamlarını dövlət başçısına çatdıraraq bildirib ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd edib ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.
Dövlət başçısı, öz növbəsində, onun salamlarının Ruminıyanın Prezidentinə və baş nazirinə çatdırılmasını xahiş edib. Prezident İlham Əliyev qeyd edib ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.
Ana Birçal bildirib ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunulub və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirilib. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edilib.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxunub.
Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirib.