• SİYASƏT

    18:08 12 aprel 2019

Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA xəbər verir ki, xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev onların Azərbaycana səfərindən şad olduğunu bildirib: "Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir".

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib. Dövlət başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Federasiya Şurasının sədri nümayəndə heyətini qəbul etdiyi üçün Azərbaycan Prezidentinə təşəkkür edib: "Biz Sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram. Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişiklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində inamlı qələbə qazandınız. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasi kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamlı idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub. Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur. Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur".

Qonaq turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına toxunub: "Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq".

Valentina Matviyenko Azərbaycanda rus dilinə mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə təşəkkür edib. O, iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğulayıb, ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxunub. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək deyib: "Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk".

Valentina Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxunub. Parlamentlərarası münasibətlərdən danışan qonaq bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.

Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyündən və bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Valentina Matviyenko qeyd edib ki, özü və Rusiya parlamentariləri bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər.

***

11.46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlət başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR