“Bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı”.
ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvili ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatda bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar: “Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir. Şadam ki, Prezident Salome Zurabişvili Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaq. Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır”.