Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb
  • SİYASƏT

  • 12:18 04 Oktyabr 2021

Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.

APA xəbər verir ki, dövlət başçısı çıxış edib:

"Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.

Biz keçən ayın 27-də Anım Gününü keçirərkən Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir daha böyük hörmətlə yad etdik.

Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi.

Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı.

Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.

Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir.

İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri.

Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək.

Əlbəttə ki, Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Bundan sonrakı dövrdə Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin şanlı Zəfər yürüşü davam etmişdir. Düzdür, bəzi yerlərdə Ermənistan tərəfi dirəniş göstərirdi, müqavimət göstərirdi, bəzi yerlərdə bizə çətinliklər yaradırdı. Amma bu, müharibədir. Özü də otuz il ərzində böyük istehkamlar qurmuş tərəf, - bu dağlara baxın, bunlar hamısı təbii istehkamlardır, - əlbəttə ki, onların özlərini müdafiə etmək üçün imkanları var idi. Ancaq artıq bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari artıq hər şeyi göstərir.

Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır.

Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır.

Mən deyəndə ki, Serjik hərbi cinayətkardır, bunu təkcə mən demirəm, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır. Xain deyirəm, bu, təhqir deyil. O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Köçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür.

Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub. 2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, - bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, - onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər. Ondan sonra iki il ərzində ağzına su alıb susmuşdu. Nə qədər onu təhqir etdilər. Nə qədər onun cinayətkar qohumlarını həbs etdilər. Xaricdə gizlənmiş və Kolumbiyanın, ya da Qvatemalanın pasportunu almış bir yaxın qohumu var, adını da dəyişdirmişdi. Necə ki, vaxtilə Serjik özünü “Serj” edib. Qohumu da özünə bir ad verib – “Qonzales”. Qulağından tutub gətiriblər və həbs ediblər. Qorxusundan susub, nə desin? Müharibədən sonra yenə baş qaldırır. Müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanada idi. Onun kimi oğru bizim bölgədə bəlkə də hələ doğulmayıb.

Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.

Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.

Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR