Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası ilə tanış olublar
  • SİYASƏT

  • 13:10 06 Yanvar 2022

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

ONA-nın xəbərinə görə, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi.

Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR