Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
ONA-nın məlumatına görə, dövlət başçısına və birinci xanıma Füzuli Beynəlxalq Hava Limanında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.