Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşüb.
ONA-nın verdiyi xəbərə görə, Federal Kansler Sebastian Kurts Prezident İlham Əliyevi qarşılayıb.
Prezident İlham Əliyev və Federal Kansler Sebastian Kurts birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin Federal Kansler Sebastian Kurts ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Avstriyada olmasından məmnunluğunu vurğulayaraq səfərin təşkilinə və dəvətə görə Federal Kansler Sebastian Kurtsa təşəkkürünü bildirib və onu ölkəmizə səfərə dəvət edib.
Ermənistanın baş naziri ilə Vyanada keçirdiyi görüş barədə Federal Kanslerə məlumat verən dövlətimizin başçısı bu görüşün təşkilinə görə də Avstriya tərəfinə minnətdarlığını ifadə edib, Avstriyanın bu qəbildən olan görüşlərin təşkilində və keçirilməsində böyük təcrübəyə malik olduğunu söyləyib. Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Söhbət zamanı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd edildi. Həmçinin Azərbaycanda regionların iqtisadi inkişafı üzrə beşillik müddəti əhatə edən proqramın qəbul olunduğu bildirildi, bu proqram əsasında Avstriya şirkətlərinin də Azərbaycan ilə əməkdaşlıq imkanlarına toxunulub.
Görüşdə, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrindən bəhs edildi, Avstriyanın bu münasibətlərin inkişafını dəstəklədiyi ifadə olunub. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalandığı qeyd edilib. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirilib.
Azərbaycan Prezidentinin dəvətini məmnunluqla qəbul edən Federal Kansler Sebastian Kurts Avstriyanın ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulanıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.