Azərbaycan Respublikasının Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı bir sıra xarici dövlət başçılarından təbrik məktubları ünvanlanıb.
ONA həmin təbrik məktublarını təqdim edir:
Keniya Respublikasının Prezidenti Uhuru Kenyattadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi, Azərbaycan xalqını Keniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Bu əlamətdar gündə ölkələrimiz arasında mövcud olan xoş və səmimi münasibətləri qeyd etmək istərdim. İkitərəfli münasibətlərin inkişafına, xüsusilə təhsil, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş səyləri yüksək qiymətləndirirəm.
Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimiz arasında daha yaxın birgə fəaliyyətin həyata keçirilməsini arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
***
İndoneziya Respublikasının Prezidenti Coko Vidododan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibəti ilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Əminəm ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız gələcək illərdə birgə səylərimizlə daha da güclənəcək, xalqlarımıza fayda gətirəcəkdir.
Sizə və Azərbaycan xalqına xoşbəxtlik arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
***
Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə öz adımdan və Latviya xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri gələcək illərdə inkişaf edəcək, xalqlarımıza rifah və xoşbəxtlik gətirəcəkdir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
***
Polşa Respublikasının Prezidenti Andjey Dudadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Respublika Günü münasibəti ilə Sizi və Azərbaycan xalqını öz adımdan və Polşa xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycanı Polşa ilə tarixi əlaqələr, əməkdaşlıq, anlaşma və dostluq münasibətləri bağlayır. Polşa ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi əlaqələrin daha da intensivləşəcəyinə ümid edirəm. Bizim əlaqələrimiz böyük potensiala malikdir. Ümidvaram ki, bu potensial gələcəkdə daha da inkişaf edəcək və reallaşacaqdır.
Möhtərəm cənab Prezident, ölkənizə və bütün Azərbaycan vətəndaşlarına uğur, sülh və hərtərəfli inkişaf arzu edirəm.
***
Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə komitəsinin sədri Mahmud Abbasdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. Bu bayramın Sizə, ölkənizə və xalqınıza daha çox tərəqqi, rifah bəxş etməsini diləyirəm. Ölkələrimizi və xalqlarımızı birləşdirən güclü həmrəylik və qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlıq yollarını gücləndirmək hər zaman bizim diqqət mərkəzimizdə olacaqdır.
Xahiş edirəm, ən xoş təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm.